
Tarix bəzən insanı elə çətin sınaqlar qarşısında qoyur ki, orada polad bədənlər deyil, sarsılmaz ruhlar da tab gətirə bilir. Hər il 9 May Qələbə Günü kimi qeyd olunur. Qələbəyə asanlıqla nail olmaq olmur. Bunun üçün mərdliklə döyüşüb, əzmlə mübarizə aparmaq lazımdır. 1941-ci ildə Faşist Almaniyasının SSRİ - yə hücumu nəticəsində Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da könüllü olaraq vətən uğrunda mərdliklə vuruşmuşlar. Bu döyüşlərdə qəhrəmanlıq göstərən el oğullarımızdan biri də Qərbi Azərbaycanın vüqarlı dağ qoynundan, Gorus rayonunun Şurnuxu kəndindən olan Fransanın Milli Qəhrəmanı İdris Hacı Həşim oğlu Həşimovdur. İdris Həşimov 1914 - cü ildə anadan olub. Şarl de Qollun “Azad Fransızlar” dəstəsinin fəal üzvü olan İdris Həşimov Fransanı faşizmin pəncəsindən xilas edən partizandır. Onun döyüş yoluna nəzər salsaq necə çətinliklərlə üzləşdiyi ilə yaxından tanış olarıq.
İdris Həşimov 1941-ci ilin aprel ayında Ukraynaya hərbi xidmətə göndərilmişdir. Tibb təhsili olduğuna görə İdris Həşimov batalyonlardan birinə feldşer təyin edilir. 1941-ci il iyunun ayının 22-də almanlar “Barbaros” əməliyyatı üzrə SSRİ-yə hücum edirlər. Müharibənin qara buludları Ukrayna üfüqlərini bürüyəndə İdris Həşimov Ukraynanın Belaya Serkov şəhəri yaxınlığındakı meşədə bir neçə tibb işçisi ilə birlikdə 97 nəfər ağır yaralını döyüş meydanından çıxardı. Lakin onları hərbi xəstəxanaya apararkən taleyin acı rüzgarı onu amansız bir sınaqla üz-üzə qoydu. O, yaralılarla birlikdə alman faşistləri tərəfindən əsir götürülür. Almanlar onları Mironovka şəhərinə qədər ayaqla yeriməyə məcbur edirlər və gedə bilməyənləri güllələyirlər. İdris Həşimov da əsir götürülərək alman hospitalında işləməyə məcbur edilir. Bir müddət sonra oradan qaçmağa nail olan İdris Həşimov 3 ay sonra yenidən banderlər tərəfindən tutularaq almanlara təhvil verilir. ( Banderlər, İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqı və ordusuna qarşı mübarizə aparan və Stepan Bandera tərəfindən idarə edilən (1940-1959) Ukrayna Milliyətçilər Təşkilatının üzvləri idilər).
Nəvəsi Elnurə Həşimovanın verdiyi məlumatda bildirilir ki, almanlar İdris Həşimovu əsirlikdən qaçdığına görə döyərək Ukraynada yerləşən nasist düşərgələrindən birinin zirzəmisinə salırlar. Həmin düşərgədə alman və rus dilləri üzrə tərcüməçi kimi işləyən ukraynalı Ollisalda (Marusya) Sinyavskaya adlı qadın İdris Həşimova almanların onu bu yaxınlarda asacaqlarını xəbərini verir və onun düşərgədən qaçmasına kömək edir.Düşərgədən qaçmasına baxmayaraq çox uzaqlaşa bilmir və o yenidən faşistlərin əlinə keçir və 80 nəfərlə birlikdə yük vaqonunda Almaniyaya göndərilir. Əsirlər Almaniya yaxınlığında vaqondan düşürülür və onlardan İdris Həşimov da daxil olmaqla 25 nəfər sağlam və güclü olanları seçib faşistlərin təcrübə xəstəxanasına aparırlar və onların üzərində oyaq halda ikən eksperimental cərrahiyyə əməliyyatları aparırlar. Xəstəxanada həkim işləyən alman əsilli bir qadın həyat yoldaşı ilə birlikdə İdris Həşimovu meyitlərin biri ilə dəyişərək evinə gətirir və onun sağalması üçün yardım edirlər. 18 gün saxlayıb yarası sağaldıqdan sonra onu Elzas Lotaringiyadakı kömür mədəninin (yaxınlığına gətirirlə ki, təhlükəsiz bir yerə getsin. Lakin o, növbəti dəfə faşistlərin əlinə keçir. Almanlar onu əsir kimi Kömür mədənində işlətməyə başlayırlar.
İdris Həşimov burada Salman Rüstəmov və Naxçıvanlı Bəşirlə tanış olur. İdris, Bəşir və 16 fransız 1943-cü ilin mart ayında əsirlikdən qaçaraq Fransaya gedirlər. Elnurə Həşimova qeyd edir ki, babamla birlikdə 19 nəfər Fransada FFİ (Forces Françaises de I Interieur) adlı partizan dəstəsi yaradırlar və faşistlərə qarşı vuruşurlar. İki aydan sonra həmin partizan dəstəsi 240 nəfərə çatır və bir batalyona çevrilir və beləliklə hərbi hissənin baş leytenantı İdris Həşimov, komandiri isə Salman Rüstəmov təyin edilir. 1944-cü ilin mart ayında Lion, Dijon, Rodez və digər böyük şəhərlər almanlardan azad edilir. 1944 – cü ildə ən güclü partizan dəstəsi kimi tanınan FFİ general Şarl de Qollun rəhbərlik etdiyi “Azad Fransızlar” hərəkatı ilə birləşir və 1945-ci ilin may ayına qədər onlar Şarl de Qollun rəhbərliyi altında birlikdə Fransanı faşistlərdən azad edirlər. İdris Həşimov Fransa tərəfindən təqdim olunan sənəd və mükafatların çoxunda sovet və rus əsgəri kimi tanınır. İdris Həşimov barədə Fransa mənbələrində qeyd edilir ki, onun qəhrəmanlıqları haqqında o dövrdə əfsanələr yayılmışdır və onu Rodez Fatehi adlandırırdılar.
Canını bəşəriyyətin xilasına sipər edən İdris Həşimov 1986-cı ildə vəfat etmişdir. Lakin Fransanı faşizmdən qoruyan qəhrəmanın doğma torpaqdakı məzarı 1990-cı illərdə, Birinci Qarabağ müharibəsi zamanı erməni vandallarının nifrət dolu əlləri ilə dağıdıdı. Düşmən onun xatirəsini yer üzündən silməyə çalışsa da, unudurlar ki, İdris Həşimov kimi qəhrəmanların əsl məzarı soyuq daşlarda deyil, tarixin silinməz yaddaşında və bütöv bir xalqın qəlbində ucalır. Hətta uğrunda döyüşdüyü Fransa xalqı da qəhrəman Azərbaycan oğlunu unutmayıb.
26 iyun 2025 –ci ildə Azərbaycanın Fransadakı Səfirliyində İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Əhmədiyyə Cəbrayılovun, Xələf Hacıyevin ailə üzvləri ilə yanaşı Fransanın Milli
Qəhrəmanı İdris Həşimovun qızı Göyçək Kərimova və nəvəsi Elnurə Həşimova da dəvət olunmuşdur.
Tədbirdə Elnurə Həşimova çıxış edərək, babasının döyüş yolundan danışmışdır.
Tədbirin sonunda Qələbənin 80 illik yubiley medalı döyüşçülərin ailə üzvlərinə təqdim edilib. Bu gün elimizin igid oğlunun Şurnuxu kəndindəki məzarı ermənilər tərəfindən dağıdılsa da, onun ruhu doğma Şurnuxu səmasındadır.
Ruhu şad olsun.
Məlumatlar Nəvəsi Elnurə Aydın qızı Həşımovadan və qızı Göyçək Kərimovadan
alınmışdır.
Müəllif: Gorus Rayon İcmasının üzvü: İnarə Şahsuvar qızı Musayeva