
Əzəmət Murtuza oğlu Rüstəmov 1 iyun 1954 - cü ildə Qərbi Azərbaycanın Zəngəzur bölgəsind -Gorus rayonunun Şurnuxu kəndində anadan olmuşdur. 1971-ci ildə Şurnuxu kənd orta məktəbini bitirmiş və həmin il ADPU- nun Filologiya fakultəsinə daxil olmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir.O, təyinatla Qubadlı rayonunun Hal kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi işləmişdir. 1982 – ci ildə Sumqayıt şəhər 7 saylı orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. Bu müddətdə elmi fəaliyyətlə də məşğul olmuş, APİ-nin (ADPU) dissertanturasına daxil olmuş, 1990 – cı ildə “Ermənistan SSR – nin Qafan, Gorus və Sisyan rayonları ərazisinin Azərbaycan mənşəli toponimləri”mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990 - cı ildən filologiya elmləri namizədidir. 2022 –ci ildə “Zəngəzurun türk mənşəli toponimlərinin linqvistik xüsusiyyətləri” mövzusunda filologiya elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.Professor Əzəmət Murtuza oğlu Rüstəmov uzun müddət Azərbaycan Müəllimlər institutunun (AMİ-nin) Sumqayıt filialında 2003 - 2009 -cu illərdə kafedra müdiri, daha sonra isə 2009 - 2017 Sumqayıt Dövlət Universitetində kafedra müdiri vəzifəsində işləmişdir. Əzəmət Rüstəmli eyni zamanda filologiya fakultəsində Elmi seminarın sədri və Müdafiə Şurasının üzvü olmuşdur.
Elmlər doktoru elmi dərəcəsi aldıqdan sonra Əzəmət Rüstəmlinin elmi –pedaqoji fəaliyyəti daha da zənginləşmişdir. O, ali məktəb tələbələri üçün 3 dərslik, 3 dərs vəsaiti, 3 monoqrafiya, 4 fənn proqramının müəllifidir. Onun 60- dan çox elmi məqaləsi mövcuddur. Əzəmət Murtuza oğlu Rüstəmlinin bir çox elmi məqaləsi Amerika, Rusiya, Ukrayna və Türkiyənin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. Onun 7 məqaləsi xarici mətbuat orqanlarında dərc olunmuşdur. Professor Əzəmət Rüstəmli Beynəlxalq və Respublika elmi konfranslarda məqalə və tezisləri ilə çıxış etmişdir. Bununla bərabər orta məktəb şagirdləri və abituriyentlər üçün TQDK-nın proqramına uyğun vəsaitlər də hazırlamışdır. Onun bu istiqamətdə 2 kitabı ( “Azərbaycan dili və Ədəbiyyat” ) kitabları abituriyentlərin istifadəsinə verilmişdir.
Əzəmət Rüstəmli ailəlidir. 2 övlad və 6 nəvəsi var. Bir övladı ABŞ-da Kaliforniya universitetini bitirmişdir. İqtisadiyyat üzrə elmlər doktoru, professordur.
Əzəmət Murtuza oğlu Rüstəmli Qərbi Azərbaycan Gorus rayon icmasının yaradılmasında fəal iştirak etmiş və icmanın sədri olmuşdur. Hal hazırda o, Qərbi Azərbaycan Ziyalılar Şurasının fəal üzvlərindən biridir.