
Şurnuxu torpağının yetirdiyi ziyalı simalardan biri olan Aydın Həşimov ömrünü elmə, insanlara və doğma yurda bağlılıq duyğusuna həsr etmiş şəxslərdəndir. O, 10 sentyabr 1947-ci ildə Şurnuxu kəndi ərazisində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri milli-mədəni mühitin güclü olduğu bir ailədə keçmiş, bu mühit onun xarakterinin və dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
Orta təhsilini Laçın şəhərində alan Aydın Həşimov hələ gənc yaşlarından elmə xüsusi maraq göstərmişdir. Ali təhsilini Azərbaycan Neft Akademiyasındə Kimya Texnologiyaları ixtisası üzrə başa vurmuş, elmi fəaliyyətində böyük uğurlar qazanmışdır. Cəmi 27 yaşında kimya texnologiyaları sahəsində elmlər namizədi alimlik dərəcəsi alması onun yüksək intellektual potensialının və zəhmətsevərliyinin göstəricisi idi.
Əmək fəaliyyətinə Neft Kimya Prosesləri İnstitutunda başlamış Aydın Həşimov burada öz ixtisası üzrə mühüm tədqiqatlarla məşğul olmuşdur. Elmi və təşkilati bacarığı sayəsində 1984-cü ildən etibarən institutun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktiv Texniki Büronun baş direktoru vəzifəsinə yüksəlmiş və 1992-ci ilə qədər bu məsuliyyətli vəzifədə çalışmışdır. Sonrakı illərdə özəl sektorda fəaliyyət göstərsə də, dövlətə və cəmiyyətə xidmət missiyasını heç vaxt unutmamışdır. 1999-cu ildən ömrünün sonuna qədər Azərbaycan Respublikası Ekologiya və Ətraf Mühitin Mühafizəsi Nazirliyi sistemində çalışaraq ölkənin ekoloji təhlükəsizliyi və ətraf mühitin qorunması istiqamətində fəaliyyət göstərmişdir.
Aydın Həşimov yalnız alim və idarəçi kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi tanınırdı. O, xeyriyyəçiliyi həyat amalına çevirmiş, ehtiyacı olan insanlara yardım etməyi mənəvi borc hesab etmişdir. Doğma kəndinə və el-obasına bağlılığı isə onun xarakterinin ayrılmaz hissəsi idi. Şurnuxunu daim sevgi ilə xatırlayır, kənd insanlarının rifahı və gələcəyi ilə maraqlanırdı.
Onun şəxsiyyətində elmlə incəsənətin harmoniyası xüsusi diqqət çəkirdi. Aydın Həşimov yüksək musiqi duyumuna malik idi, tarda gözəl ifa edir, poeziyaya maraq göstərərək şeirlər yazırdı. Bu xüsusiyyətlər onun daxili aləminin zənginliyini, milli-mədəni dəyərlərə bağlılığını nümayiş etdirirdi.
Aydın Həşimov qəhrəmanlıq və ziyalılıq ənənələri ilə seçilən bir ailədə böyümüşdür. Atası, İdris Həşimov İkinci Dünya müharibəsinin iştirakçısı və Fransanın milli qəhrəmanı kimi tanınmışdır. Anası Dilbər Əmrah qızı Mikayılova isə kənd kitabxanasında çalışmış, Sovet dövründə “Əməkdar kitabxanaçı” adına layiq görülmüşdür. Belə bir ailə mühiti Aydın Həşimovun elmə, mədəniyyətə və insanlığa bağlı bir şəxsiyyət kimi yetişməsində mühüm rol oynamışdır.
13 mart 2014-cü ildə dünyasını dəyişən Aydın Həşimov arxasında zəngin elmi fəaliyyət, xeyirxah əməllər və nəcib insanlıq nümunəsi qoymuşdur. Onun həyatı Azərbaycan ziyalısının elmə, xalqa və mənəvi dəyərlərə sədaqətinin parlaq nümunələrindən biri kimi yadda qalır.
Müəllif: İqtisad Universitetinin müəllimi Natəvan Ağayeva