ÖMÜR YOLLARINDA YAŞANAN ANLAR

Tarix :
ÖMÜR YOLLARINDA YAŞANAN ANLAR


“Alimləri eşidin, çünki onlar
dünyanın çırağı, axirətin nurudur”
Hz. Məhəmməd Peyğəmbər

Zəngin və sonsuz həyat çalarları əhatəsində olan insan ömrü, sonu görünməyən nəhayətsiz bir ümmandır. Maraqlıdır ki, öz mənalı ömrünü bu ümmanda yaşayan hər bir kəs həm də zaman gerçəkliyi və vaxt axarı kəsiyində silinməz izlərlə öz taleyinin “ömür abidəsini” yaradan memarı olur.
Həyatda xoşbəxt o kəslərdir ki, onlar hələ sağ ikən yaşadıqları dövrdə özlərinin “ömür abidələrində” gələcək nəsillərə örnək oluna biləcək xoş məramlı, əməli və əbədi həmişəyaşar həyat nişanələrini yaratmış olsunlar.

 Bu baxımdan bizim müasirimiz olan və bir mütəxəssis kimi çalışdığı elm sahələrində yüksək nəticələr əldə edən, təvəzökar və dəyərli ziyalılarımızdan biri də Quliyev Fəxrəddin Əvəz oğludur.
O, 12 iyun 1949-cu ildə Qərbi Azərbaycanın Zəngəzur bölgəsi Gorus rayonunun Ağbulaq kəndində müəllim ailəsində anadan olmuşdur. 1956-cı ildə birinci sinfə getmiş və Ağbulaq kənd 8 illik məktəbini əla qiymətlərlə bitirib, 1964-cü ildə daimi yaşamaq üçün ailəliklə Bakı şəhərinə köçmüşlər.

F.Quliyev 1964-cü ildə Bakıxanov (keçmiş Razin) qəsəbəsində Oktyabr İnqilabı adına Bakı Neft Texnikumuna (indiki Bakı Dövlət Neft-Energetika Kolleci) qəbul olunmuş və oranı “Nəzarət ölçü cihazlarının istehsalı” ixtisası üzrə əyani şöbəsini Fərqlənmə Diplomu ilə bitirmişdir.
O, Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) Fizika fakültəsini “Fizik, fizika müəllimi” ixtisası üzrə əyani şöbəsini bitirmişdir (1972). Qeyd edək ki, o, 5-ci kursda diplom işini Moskva şəhərində SSRİ EA-nın “Kristalloqrafiya” İnstitutunda yerinə yetirmişdir. O, burada yarımkeçirici birləşmələrin uyğun metodlarla kimyəvi strukturlarının (quruluşlarının) aşkarlanması və onların kristollofizika və kristallokimya baxımından təhlili ilə məşğul olmuşdur.

F.Quliyev diplom işinin müdafiəsindən sonra 1972-ci ildə Azərbaycan SSRİ EA-nın (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika institutuna təyinatla göndərilir. Fizika institutunda onun Moskvada yerinə yetirdiyi diplom işi nəzərə alınaraq, təyinat Fizika institutundan “Qeyri-üzvi və Fiziki-Kimya” institutuna dəyişdirilir. Burada o, görkəmli alim Xudu Məmmədovun “Kimyəvi quruluş” şöbəsində Elektronoqrafik metodla yeni sintez olunan yarımkeçirici birləşmələrin strukturlarının aydınlaşdırılmasının elmi əsasları üzrə tədqiqat işlərini aparmışdır. Burada o, 1974-cü ilin sonuna qədər çalışmışdır. Aldığı yeni nəticələri ilə Gənc elmi işçilərin konfransı nda məruzə ilə çıxış edərək müsabiqədə . ikinci yerin qalibi olmuşdur.

F.Quliyev artıq hiss edirdi ki, molekulyar səviyyədə tədqiqatların aparılması üçün mövcud metodların həssaslığı, onların ayırdetmə qabiliyyəti kifayət etmir. O, fikirlərini iki istiqamətdə cəm etdi: boyük həssaslığa malik metodların yaradılması və tədqiqat obyektlərinin canlı aləm seçilməsi. Bu məqsədlə o, öz fundamental elmi axtarışlarının gələcək inkişafını canlı aləmdə (ali bitkilərdə) baş verən Fotosintez prosesinin hüceyrədaxili molekulyar mexanizminin öyrənilməsində görür. Yəni, hüceyrədaxili fotosintetik aparatda (xloroplastda) Günəş enerjisini udan piqment sisteminin quruluşu və udulan Günəş enerjisinin ötürülməsi mexanizminin öyrənilməsi. Burada ən dəqiq metod olaraq, yüksək tezlikli dalğa uzunluğuna malik olan lazer şüalarının alınması və onun bazasında xsüsi spektral qurğunun yaradılması əsas götürülmüşdür.

F.Quliyev 1975-1979-cu illərdə Kiyev şəhərində Ukrayna EA-nın Elmi-tədqiqat “Genetika və Bitki Fiziologiyası İnstitutu”nda “Biofizika” ixtisası üzrə məqsədli aspiranturanı bitirərək, 1980-ci ildə dissertasiya işini müdafiə edib, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, həmçinin lazer spektroskopiyası üzrə tanınan mütəxəssisdir.

Aspirantura illərində  tənzim olunan tezliklərdə (mono impulsdan 100 Hs-ə qədər) işləyən unikal Lazer Spektrofluorometrik qurğusu (spektrin 400÷700 nanometr diapazonunda və 20 °C otaq temperaturundan maye azot (-196 °C) və maye helium (-296 °C) temperaturuna kimi) yaradılmış  və canlı aləmdə hüceyrədaxili tədqiqatlar aparılmışdır.
F.Quliyev 1977 və 1978-ci illərdə yüksək tezlikli maye lazerlərin alınması və onun bazasında Lazer Spektrofluorometrik qurğusunun yaradılması və tətbiqinə görə Ukrayna EA-nın gənc elmi işçilər üçün ən yeni elmi nailiyyətlərə görə təsis etdiyi mükafatların laureantı olmuşdur və yerli televiziyaya çəkilərək göstərilmişdir.
Fəxrəddin müəllimin elmi tədqiqat işlərində aldığı yüksək nəticələrə görə 1980-ci illərdə keçmiş İttifaq miqyasında keçirilən “sosializm yarışının qalibi” olmuşdur. O, bir mütəxəssis kimi Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin yuxarı kurs tələbələrinə Fotobiologiya ixtisas fənni üzrə saat hesabı mühazirə və məşğələlər aparmışdır.
F.Quliyevin bu istiqamətdə inkişafında akad. Cəlal Əliyevin xidmətləri böyük olmuşdur. Müdafiədən sonra isə onun rəhbərlik etdiyi Fizika institutunun nəzdində fəaliyyət göstərən “Bioloji Tədqiqatlar Elmi Mərkəzi”ndə Lazer Spektroskopiyası laboratoriyası yaradılmışdır. O, dəfələrlə lazer şüalarının tətbiqinə həsr olunmuş Beynəlxalq konfrans və simpoziumlarda iştirak edərək, Respublikamızın layiqli təmsilçisi olmuşdur.
Qeyd edək ki, lazer şüalarının spesifik xüsusiyyətləri (böyük enerji daşıyıcısı, selektiv-seçici təsirə malikliyi, monoxramatik, koherentliyi və s.) nəzərə alınaraq onun müxtəlif sahələrdə, o cümlədən, tibbi-bioloji obyektlərdə, neft emalında, metalların möhkəmliyinin artırılmasında, qaynaq işlərində və s. Fəxrəddin müəllimin apardığı tətbiq işləri xüsusi qeyd olunmalıdır.

1980-ci illərdə dövlət tapşırığı olaraq, güclü lazer şüalarının neft emalında tətbiqi (emal dərinliyinin artırılması) məsələsində laboratoriya şəraitində stend qurğusunun yaradılması və tətqiqi bilavasitə layihə baş konstruktoru Fəxrəddin müəllimə tapşırılmışdır. Laboratoriya neft emalı zavodlarının birində yaradılmışdır. Bu laboratoriyada görülən işlər və alınan nəticələrlə tanış olmaq üçün bir çox tanınmış elm adamları və neft mütəxəssisləri olmuşdular. O cümlədən, mərhum akad. Azad Mirzəcanzadə öz tələbələri ilə birlikdə.
Fəxrəddin müəllimin uzun illər çalışdığı sahələrdən biri də neft-qaz çıxarma sənayesidir. O, “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat İnstitutunda Baş elmi işçi, ARDNŞ-nin (SOCAR) “Azneft” İB-də Elmi-Texniki şöbənin rəis müavini, rəis əvəzi və elmi-texniki şuranın üzvü olmuşdur.
Burada Fəxrəddin müəllim aşağıdakı işlərin təşkilatçısı və rəhbəri olmuşdur:
- Dəniz ekoloji və fiziki parametrlərinə avtomatik nəzarət qurğusunun yaradılması və tətbiqi (100 metrə qədər dərinlikdə);
- Qaz xətlərində hidrat (kondensat) əmələ gəlməsinə qarşı fiziki metodların tətbiqi ideyasının işlənməsi;
- Neft-qaz çıxarmada yeni texnikanın (texnologiyanın) yaradılmasında dəyərli elmi fikirlərin müəllifi və iştirakçısı.
Fəxrəddin müəllimin neft sənayesi sahəsindən 2011-ci ildə təqaüdə çıxaraq AMEA-nın Neft və Qaz İnstitutuna (keçmiş “Dərin neft qaz yataqları problemləri” institutu) qayıdıb orada elmi fəaliyyətini davam etdirmişdir. Burada o, müasir dünyamızda ən böyük problemlərdən olan ətraf mühitin təmizliyi və atmosferə atılan təbii və sənaye tullantılarının normadan dəfələrlə artıq olması problemi və ona qarşı elmi-texniki tədbirlərin işlənib hazırlanması kimi qlobal məsələlərin həlli ilə məşğul olmuşdur. O cümlədən də bir neçə qrant layihəsi işlənib təhvil verilmişdir. Nəticələr Beynəlxalq konfransların materiallarında çap olunmuşdur.
Fəxrəddin müəllimin aldığı elmi nəticələr öz əksini onun çap olunmuş kitablarında, patent (ixtira), bir sıra Respublika və xarici elmi jurnallarda və Beynəlxalq konfransların materiallarında tapmışdır. Onun əməyi işlədiyi bütün sahələrdə layiqincə qiymətləndirilmiş, medal və Fəxri Fərmanlarla təltif olunmuşdur.
Onunla istənilən mövzu ətrafında müzakirələr aparmaq həmişə maraqlıdır. Çünki, o, həmsöhbətinin sözünü kəsmədən onu sona qədər dinləməyi və aramla öz fikirlərini onunla bölüşdürməyi bacaran bir ziyalı mütəxəssisdir. Onun fikrincə, tədqiqatçı alim bir sıra müəyyən (spesifik) xüsusiyyətlərə malik olmaqla yanaşı həm də zəngin, təmiz daxili mənəviyyatın daşıyıcısı olmalıdır.
Fəxrəddin müəllim haqqında olan bu qısa qeydlərimiz onun yalnız maraqlı ömür yolundan sezə bildiyimiz bir qismidir. O, ömrünün müdriklik dövrünü yaşayır və eyni zamanda da nümunəvi bir ailə başçısıdır.
Fəxrəddin müəllimin keçdiyi ömür yolundan və elmi fəaliyyətindən bəhs edilən qeydlərimizi bu sonluqla bitirmək istərdik: “O, əvəzsiz etibar sahibi, etibarlı etimad dayağı və düzgünlük yolunun etirafçısıdır”.

SİZƏ MARAQLI OLA BİLƏR

XƏBƏRLƏR